ASAN könüllüləri SOCAR-da!


Ötən ilin 21 oktyabr tarixində “ASAN xidmət” ilə SOCAR arasında təlim-tədris məsələləri, könüllü fəaliyyəti, ətraf mühitin qorunması və təhlükəsizlik, informasiya texnologiyaları, müasir innovativ texnologiyaların tətbiqi, sosial məsuliyyət və digər sahələrdə imzalanan “Əməkdaşlıq Sazişi” əsasında tərəfdaşlıq uğurla davam etdirilir.

 

“ASAN School” könüllülük məktəbinin “Master 2” pilləsi çərçivəsində 12 nəfər ASAN könüllüsü SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçirlər. Könüllülərimiz “Azneft” İB-də, baş ofisin İnsan Resursları Departamentində, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsində, İnformasiya Texnologiyaları və Rabitə İdarəsində, Ekologiya İdarəsində və Heydər Əliyev adına Neft Emalı Zavodu olmaqla müxtəlif idarələr üzrə bölgü aparılaraq təcrübəyə cəlb olunublar. 12 dekabr tarixindən təcrübə başlayan könüllülərin fəaliyyət müddəti 3 ay ərzində baş tutacaq.

 

Qeyd edək ki, gənclər SOCAR-ın təcrübəli mütəxəssisləri ilə birbaşa çalışır, onların dəyərli təcrübələri ilə yaxından tanış olurlar. Qısa müddət ərzində onlar çalışdıqları idarələrin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, Şirkətin həyata keçirdiyi layihələrin icrasında iştirak edib, hesabatların hazırlanması, monitorinqlərin keçirilməsi, işgüzar münasibətlərin qurulması istiqamətində həyata keçirilən bütün işləri mənimsəyə biliblər.  “Master 2” çərçivəsində təcrübə keçən könüllülərimiz təcrübənin sonunda ASAN xidmət və SOCAR tərəfindən birgə sertifikatlarla təltif olunacaqlar.

 

ASAN könüllüsü Səbinə Kərimli - Əmək şəraiti normalarının işlənməsi İdarəsi:

SOCAR-da təcrübə keçmək mənə iqtisadi biliklərimi artırmağı və maliyyə hesabatlarını düzgün şəkildə təhlil etməyi öyrətdi. Hər bir gəncin arzusudur ki, mehriban və peşəkar kollektivdə iş təcrübəsi qazansın. Bu arzumu reallaşdırmağa şərait yaratdığına görə ASAN School və SOCAR-a minnətdarlığımı bildirirəm.

 

ASAN könüllüsü Gülər Mejdinova  - Ekologiya Departamenti:

 

SOCAR-da təcrübə keçmək istəyim gələcəkdəki iş və karyera planlarım üçün atdığım ən uğurlu addım idi. Gözəl kollektiv, gülərüz insanları tanımaq, iş həyatına adaptasiya olmaq və ən əsası ixtisas biliklərimi praktiki genişləndirmək üçün “Master 2” mənə gözəl şərait yaratdı.